Pages

Sunday, 21 June 2015

31. Cənubi Koreya. Kyung-sook Shin və "Please Look after Mom" (Anamın qayğısına qal) əsəri.

Ölkələri kitablar vasitəsilə gəzməyə davam edirik :) Sıradakı ölkəmiz Cənubi Koreya və nümayəndəsi Kyung-sook Shin`dir. Kyung-sook bu əsərə görə Asiya ölkələrində ingilis dilində yazan və ya ingilis dilinə tərcümə edilən əsərlərə görə verilən Man Asian Literary Prize-in ilk qadın və ilk Koreyalı mükafatçısıdır. Əsər 19 ölkədə çap olunub. Kyung-sook bu əsəri ilə öz adını Cənubi Koreyanın ən məşhur yazarları sırasına yazıb. Qeyri-adi həyat hekayəsi yoxdur. Bu əsər sayəsində məşhurlaşıb. Əsər 2009-cu ilin Aprelində çap edildikdən sonrakı 10 ay ərzində 1 milyon, 2012-ci ilin Aprelindən isə 2 milyon nüsxədə satılıb. İngilis dilinə tərcüməsi də həddindən çox rəğbətlə qarşılanıb, o, məşhur aparıcı Oprah və Amazon.com-un 2011-ci il Aprel ayında ən yaxşılar sırasındadır.





Əsər kənddən şəhərə gələrkən ananın Seul metro stansiyasında ərinin arxasından yoxa çıxmasından bəhs edir. Analarının yoxa çıxmasından sonra 3 övladı - 2 qızı və 1 oğlu analarını axtarmağa başlayırlar. Bütün bu axtarışlar bir neçə ay davam edir, elanlar paylanılır. Ananı görənlər çoxdur, amma sonradan hara getməsindən heç kimin xəbəri yoxdur. 




Əsərin ən fərqli xüsusiyyəti yazıçı və ya 1-ci şəxsin təkindən deyil, kitabdakı personajların dilindən yazılmasıdır. Amma onlar öz hekayələrini sənin - oxucunun sürətində nəql edirlər - "Sənin anan itib və sən onun harada olduğunu bilmirsən.", "Anan həmişə sənin məktəbə getməyini istəyib." və s. kimi.




Anaların əziyyəti danılmazdır, amma müasir dünyamızda şəhərdə yaşayan ana ilə kənddə yaşayan ananın həyatı arasındakı fərq də aşkardır. Əsərin qəhrəmanı olan ana kənddə yaşayır, gənc yaşında evlənib, 3 övladı var, oxuma-yazma bilmir, təhsili yoxdur, amma həddindən çox zəhmətkeşdir - tarlasını bir gün belə boş buraxmır, daim əməklə məşğuldur, satdığı ərzaqların pulu ilə övladlarını məktəbə göndərir, ailəsindən gizli yığdığı pullarla uşaqlar evinə kömək edir, daim ailəsinə qayğı göstərir, əri başqa qadınla kəndi tərk etsə də, qayıtdığı zaman heç bir söz demədən sanki işdən gəlirmiş kimi qarşılayır.




İnsanın ürəyini parçalayan əsas məqam övladların və ərinin bu qadının onlar üçün etdiklərini, onu itirdikdən sonra yadlarına salıb dərk etməkləridir. Yazar bu əsərlə, ümumiyyətlə, Koreyada qadın problemlərinə, onların cəmiyyətdə olan yerlərinə diqqəti çəkmək istəyib və məncə, alınıb.




Kitab məndə çox fərqli təəssürat buraxıb. Mamamıza (öz mamama "ana" deyə bilmirəm, öyrəşmədiyim üçün söz mənə çox ögey gəlir) qarşı həmişə diqqətliyəm hər cəhətdən, amma bu kitabdan sonra hər şeyi daha dərin fikirləşməyə başlamışam. İnsana çox dərin təsir edir. Sözlərlə ifadə edilməyəcək dərəcədə.




Əsərin teatr səhnələşməsi və musicle`ı var. Tapsaq, baxaq.


Ana tapılmır, kitabın son səhifələrini ananın ruhu danışır...


No comments:

Post a Comment